“Qarabağ” UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində ilk oyununa çıxıb.
Ağdam klubu səfərdə Cəbəllütariqin “Linkoln” komandası ilə üz-üzə gəlib. Görüşə daha sürətli başlayan meydan sahibləri hesabı açmağa nail olublar. 25-ci dəqiqədə Kike Qomez komandamızın qapısına yol tapıb. Fasilədən sonra üstünlüyünü artıran Qurban Qurbanovun yetirmələri 58-ci dəqiqədə bərabərlik yaratmağa müvəffəq olublar. Redon Cica Abdulla Zubirin ötürməsindən sonra qapını dəqiq nişan alıb. Rəqibi müdafiəyə çəkilməyə məcbur edən Ağdam təmsilçisi qarşılaşmanın sonlarında daha bir qol vuraraq komandamıza qələbə qazandırıb. Yasin Benzia əsas vaxta artırılan 4-cü dəqiqədə meydan sahiblərini məyus edib: “Linkoln” – “Qarabağ” 1:2. Bu komandalar arasında cavab qarşılaşması iyulun 19-u saat 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək.